ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 4, № 2 / Ədəbiyyatşünaslıq

İsmayıl Hikmət Birinci Türkoloji Qurultay haqqında (Azər Turanın araşdırmalarını çıxış nöqtəsi kimi alaraq)

Say: Cild 4, № 2 (10), 2026 Səhifələr: 125–132 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/10/125-132

Xülasə

İsmayıl Hikmət böyük türk alimidir. 1923-1927-ci illər arasında Azərbaycanda elm və tədris sahəsində çalışmışdır. Birinci Türkoloji Qurultayın iştirakçısı olmuşdur. Qurultayqabağı və Qurultay günlərində cərəyan edən bəzi hadisələr haqqında 195..-ci ildə Almaniyada nəşr etdirdiyi “Dörd il yarım Azərbaycanda” məqaləsində təfərrüatlı söz açmışdır. Məqaləni elmi ictimaiyyətə Azərbaycan türkcəsinə çevirərək görkəmli türkoloq alim Azər Turan təqdim etmiş, ona “Hikmətizm” adlı “ön söz”də yazmışdır. Həmçinin o, Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində “Birinci Türkoloji Qurultay-film kim bir hadisə” məqaləsi ilə də çıxış etmişdir. Məqalədə A.Turanın “Dörd il yarım Azərbaycanda” məqaləsi ilə bağlı mülahizələri çıxış nöqtəsi kimi alınmış, eyni zamanda İ.Hikmətin Quriltayda cərəyan edən hadisələr haqqında təssüratları geniş təhlil olunmuşdur. Alimin məqaləsi Qurultayın keçirilməsində sovet rejiminin siyasi məqsədlərinin görünməyən bəzi tərəflərinə aydınlıq gətirir. İ.Hikmətin məqaləsinin analitik təhlili göstərir ki, sovet rejimi SSRİ məkanında yaşayan türk xalqlarının bir-biri ilə, həmçinin Türkiyə ilə mədəni əlaqələrinə mane olmaq üçün onların elm, ədəbiyyat və tədris dili olan ədəbi türkcəni aradan çıxarmaq istəmişdir. Hər bir türk xalqına mənsub ləhcəni (dili) aktivləşdirmək məsələsini ortalığa atmışdır. Ayrı-ayrı ləhcələrin bu tələblərə cavab vermədiyini bəhanə gətirərək rus dilini önə çıxarmaq məqsədi izləmişdir. İ.Hikmət Qurultayın türk əsilli nümayəndələrinin bu məqsədin həyata keçirilməsinə imkan verməmələrinin təfərrüatları üzərində dayanır. Məqalədə türk xalqlarının bu gün genişlənən ictimai-siyasi və ədəbi-mədəni əlaqələri kontekstində Birinci Türkoloji Qurultayda cərəyan edən hadisələrin elmi dəyərləndirilməsinə olan ehtiyacın aktuallığı və müasirliyi də önə çəkilmişdir.