Çağdaş Türk dünyasında I Türkoloji Qurultayın rolu
Xülasə
Türk xalqlarının, o sıradan Azərbaycan xalqının həyatında böyük önəm daşıyan, Türk xalqlarını türkçülük və turançılıq prizmasından oyanışa çağıran Birinci Türkoloji qurultaydan yüz il ötür. Dövlət və elm xadimlərinin, mötəbər qonaqların qatıldığı Qurultay tarix, ədəbiyyat, dil, əlifba, etnoqrafiya və mədəniyyətə dair problemləri müzakirəyə çıxarmışdı. Birinci Türkoloji Qurultay hazırda bir dünya qurumu olan Türk Dövlətləri Təşkilatının sələfi və istiqamətvericisidir. Təşkilatın bu ilin oktyabrında keçirilən toplantısında Azərbaycan Prezidenti elan etdi ki, 2026-cı il fevralın 26-da Türk dövlət başçıları Bakı şəhərində bir araya gələcəklər. Məqalənin girişində Türk dünyasının rolu, gördüyü və görəcəyi işlər haqda qısa informasiya verilir. Məqalədə 7 başlıq var: Birinci Türkoloji Qurultaya bir baxış, Qurultayın dörd görkəmli təmsilçisi, Qurultayın istiqamətləri, Qurultay hansı proseslərə təkan verdi, Əhməd Cavad və Turan, Ortaq Türk Əlifbası, Türkiyə Prezidentindən Qərar. Birinci başlıqda Qurultaya qatılan dövlət, elm və ədəbiyyat insanlarının adları, dərəcələri sadalanır. İkinci başlıqda Əlibəy Hüseynzadə, Bəkir Çobanzadə, Səməd Ağamalıoğlu və Ruhulla Axundov kimi Azərbaycan təmsilçilərinin türkçülük mövqeyi qısaca açıqlanır. Üçüncü başlıqda Sovet təhsil sisteminin yetərsizliyi, türk xalqlarının maraqlarına qulluq etmədiyi vurğulanır. Dördüncü başlıqda Qurultayın hansı proseslərə yol açdığından söz açılır. Beşinci başlıqda Əhməd Cavadın türkçülük baxışlarına göz gəzdirilir. Altıncı başlıqda Ortaq Türk Əlifbasından söz salınır. Yeddinci başlıqda Türkiyə Prezidentinin Türk xalqlarının nəfinə son Sərəncamından danışılır.