Birinci Türkoloji Qurultay və onun tarixi əhəmiyyəti
Xülasə
XX əsrin əvvəllərində türk xalqları arasında milli özünüdərk prosesinin güclənməsi və mədəni birlik ideyalarının aktuallaşması Birinci Türkoloji Qurultayın keçirilməsinə zəmin yaratmışdır. 1926- cı ildə Bakı şəhərində təşkil olunan bu beynəlxalq elmi tədbir türkologiya elminin formalaşması və inkişafında mühüm mərhələ kimi tarixə düşmüşdür. Qurultay türk dillərinin tarixi, leksik-morfoloji quruluşu, dialektoloji xüsusiyyətləri, yazı sistemi və ədəbi dil problemlərinin elmi əsaslarla müzakirə edildiyi ilk genişmiqyaslı forum olmuşdur. Qurultayda müxtəlif ölkələrdən olan alim və ziyalıların iştirakı türk dünyasının elmi potensialının bir mərkəzdə toplanmasına şərait yaratmışdır. Müzakirələrin əsas mövzuları əlifba islahatı, orfoqrafiya, terminologiya, tədris metodikası, ortaq ədəbi dil məsələləri və türk dillərinin qarşılıqlı əlaqələri ilə bağlı olmuşdur. Xüsusilə ərəb qrafikalı əlifbanın latın qrafikalı əlifba ilə əvəz edilməsi ideyası geniş dəstək qazanmış və bu istiqamətdə qəbul edilən qərarlar sonrakı illərdə türk xalqları arasında yazı və təhsil sahəsində aparılan islahatların əsasını təşkil etmişdir. Birinci Türkoloji Qurultay təkcə dilçilik hadisəsi deyil, eyni zamanda türk xalqları arasında mədəni inteqrasiya, elmi əməkdaşlıq və ortaq kimlik düşüncəsinin formalaşmasına təsir göstərən mühüm tarixi mərhələdir. Qurultayın irəli sürdüyü ideyalar müasir dövrdə də türk dünyasında dil və mədəniyyət sahəsində aparılan inteqrasiya prosesləri üçün əhəmiyyətini qoruyub saxlayır. Məqalədə də məhz bu kimi məsələlərin şərhi yer almışdır.