Mahmud Kaşğarinin “Divanü luğat-it türk” əsərində XI əsr türk xalqlarının etnoqrafik leksikası
Xülasə
Türk xalqlarının maddi və mənəvi mədəniyyəti tarix boyunca həm zənginləşmiş, həm də bəzən yad təsirlər altında unudulmuşdur. Bu prosesin bir parçası kimi milli mədəniyyətin aynası olan etnoqrafik lüğət tərkibi konkret tarixi şəraiti, həmin mühitdə yaşayan xalqın məişətini, milli mentalitetini aydın şəkildə əks etdirir. Bu baxımdan etnoqrafik leksikanın toplanması və sistemləşdirilməsi struktur-semantik əlamətlərinin ayırd edilməsi, yayılma areallarının dəqiqləşdirilməsi kimi bir çox etnolinqvistik məsələlərin həllinə də imkan yaradır. Qədim qaynaqlar, leksikoqrafik tədqiqatlar isə tarixən türkün təfəkkürünün, məişət tərzinin, milli dəyərlərinin, etnokulturoloji xəzinəsinin zəngin olduğunu müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir. Türk-islam mədəniyyətinin formalaşıb inkişaf etdiyi 11. əsrə işıq tutan ən dəyərli qaynaqlardan biri də “Divanü-luğat-it türk” əsəridir. Etnoqrafik, etno-linqvistik və etno-kulturoloji xəzinə rolu oynayan əsərin etnoqrafik leksikası məqalənin tədqiqat obyektidir. Divanü- luğat- it türk” əsərində verilən türk xalqlarının etnoqrafik leksikasının təhlili nəticəsində məlum olur ki, türk xalqları qədim etnoqrafik mədəniyyətə malik olmuş və həmin mədəniyyəti özündə əks etdirən sözlərin əksəriyyəti qədim formalarını qoruyub saxlamışdır. Dövrümüzə qədər gəlib çıxmış bu dil vahidlərinin müxtəlif fonomorfoloji variantları türk dillərinin dialekt və şivələrində mühafizə olunmuşdur.