M.Kaşğarinin “Divanü lügat-it- türk” əsəri Xalid Səid Xocayevin tərcüməsində
Xülasə
XI yüzillikdə yaşamış Mahmud Kaşğari (1029-1126) elm aləmində “Divanü lüğat-it türk” əsəri ilə məşhurdur. O, türk dillərinin ilk sözlüyü sayılan bu əsərini 1077-ci ildə yazıb bitirmişdir. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir. M.Kaşğari lüğəti ərəb dili qrammatikası üslubunda hazırlasa da, məqsədi müsəlmanlara, əsasən də ərəblərə türk dilini öyrətmək olmuşdur. M.Kaşğari qaraxanlılar sülaləsinə məxsus bir şahzadə olmuşdur. Azərbaycanda “Divanü lüğat-it türk”ün ilk tərcüməçisi Xalid Səid Xocayev olmuşdur. «Divanü lüğat-it-türk”ün Sovetlər donəmində, xüsusilə də stalinizm dövründə tərcüməsinə icazə verilsə də nəşrinə icazə verilməmişdir. Belə ki, 1935-37-ci illərdə SSRİ-də “Divan”ı ilk dəfə Azərbaycan dilinə tərcümə edən Xalid Səid Xocayev həbs edilərək güllələnir və tərcümənın nəşri dayandırılır. Araşdırmalar göstərir ki, Xalid Səid «Divanü lüğat-it-türk”ün nəinki ilk tərcüməçisi, hətta ilk tədqiqatçılarından biri olmuşdur. “Divanü lüğat-it-türk” (“Türk dillərinin divanı”) əsəri türk millətinin şanlı, şərəfli bir abidəsidir. Ərəblərin türk dilini öyrənməsi məqsədilə yazılmış bu əsər türk dili və ədəbiyyatının ilk ana qaynağı və özülüdür. “Divan” Qaraxanlılar mühitində dövlət və idarə dili sayılan türk dilini öyrənmək zərurəti və ehtiyacından yaranmışdır.