Mahmud Kaşğarinin “Divanü lüğət-it türk” əsərində Azərbaycan dialekt və şivələri
Xülasə
XI əsrin ikinci yarısında Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” əsəri türklərin yaşadığı coğrafi ərazini geniş şəkildə təsvir etməklə yanaşı, türk dilinin leksik vahidlərinin lüğətidir. "Divan"da oğuz leksikasına aid bəzi sözlər Azərbaycan ədəbi dilinin və həmçinin Azərbaycan dilinin müxtəlif dialekt və şivələrində də işlənməkdədir. Kaşğarinin “Divanü lüğət-it-türk” əsəri Azərbaycan dilinin dialekt və şivələrinin tədqiqinda mənbə kimi özünü göstərir. Bu qədim mənbədə çağdaş dialekt və şivələrimiz üçün fonetik, morfoloji, leksik-semantik resurslar üzrə söz qatlarına rast gəlmək mümkündür. Azərbaycan dilinin şivə arealında hazırda özlərini qoruyub saxlamış bu dialektizimlərin bəziləri hal-hazırda olduğu kimi, bəziləri isə fonetik, leksik, semantik cəhətdən fərqli şəkildə işlənir. Divanda leksik vahidlərə nisbətən az olan frazeoloji vahidlərə də rast gəlmək mümkündür ki, bu frazeologizmlərin əksəriyyəti dialekt və şivələrdə öz əksini tapır. Mahmud Kaşğarinin qeyd etdiyi leksik vahidlərin bəziləri arxaikləşsə də, Azərbaycan dilinin dialekt leksikasında öz izlərini qoruyub saxlamaqdadır.