ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Türk dillərində işlənən ortaq frazeoloji vahidlərin forma və məna xüsusiyyətləri (Azərbaycan, türk və türkmən dillərində)

Say: Cild 3, № 1 (6), 2025 Səhifələr: 34–46 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/1/34-46

Xülasə

Tərkibi ən az iki sözdən ibarət olan frazeoloji vahidlərin daşlaşma xüsusiyyəti, onu əmələ gətirən sözlərin sabit qalmasını, yerlərinin dəyişməməsini və yerlərinə başqa sözlərin işlədilməməsini də təmin edir. Bu xüsiyyəti sayəsində frazeoloji vahidlər dilin lüğət tərkibində önəmli yerə sahibdir və olduğu kimi başqa dillərə çevrilə bilmir. Bu hər dildəki frazeoloji vahidlərin özünəməxsus xüsusiyyətlərindən biridir. Türk dilləri frazeologiya baxımından dünyanın ən zəngin dillərindən biridir. İstər yazıda, istərsə də şifahi nitqdə bilərəkdən və ya bilməyərəkdən istifadə etdiyimiz bu frazeologizmlər faktiki olaraq ifadənin ayrılmaz hissəsidir. Ədəbiyyatın bütün janrlarında ifadəyə canlılıq, məmnunluq qatmaq üçün istifadə olunan frazeoloji vahidlər – deyimlər şair və yazıçıların diqqətindən kənarda qala bilməyəcəyi çox qiymətli ifadə elementləridir. Atalar sözləri kimi frazeoloji vahidlər də az sözlə çox məna ifadə etməyin ən yaxşı nümunəsidir. Son illərdə türk dillərində frazeologizmlərlə bağlı çoxşaxəli və əhatəli araşdırmaların aparıldığının şahidi oluruq. Bu məqalədə Azərbaycan, Türk və Türkmən dillərində işlədilən bəzi ortaq frazeoloji vahidlər araşdırılaraq tədqiq olunmuşdur. Oğuz qrupu türk dillərinin ortaq işlədilən frazeoloji vahidlərin bir qismi çağdaş dövrümüzdə Azərbaycan, Türk və Türkmən dillərinin ədəbi dilində işlədilməkdədir. Bu frazeolojizmlər səs, forma, cümlə quruluşu və söz varlığı baxımından xeyli oxşarlıqlar göstərir. Frazeoloji vahidlərin daşlaşma xüsusiyyətindən istifadə edərək bir çoxu sözbəsöz eyni olan, bəziləri isə eyni məna daşıyan ortaq frazeoloji vahidləri – deyimləri müəyyən etməyə cəhd edilmişdir. Maraqlıdır ki, Türkmən dilində frazeoloji birləşməni təşkil edən bəzi sözlər Azərbaycan və Türk dillərində fonetik fərqlərlə işlənir. Məsələn, Türkmən dilində bəzi deyimlərdə sait uzantısı olduğu halda, Azərbaycan və Türk dillərində bu uzantılar yoxdur: bel bağlamax (Azərbaycan) - bi:l ba:ğlamak - (Türkmən) - bel bağlamak (Türk). Eyni zamanda Türkmən dilində sözlərin əvvəlində b>v dəyişməsi görünmür: canını verməx`(Azərbaycan) - ca:nını bermek (Türkmən) - canını vermek (Türk). Aydındır ki, deyimlərin daşlaşma xüsusiyyəti belə səs dəyişikliklərinin aşkar edilməsində təsirli olur. Ortaqlıq göstərən frazeoloji vahidlər onları təşkil edən sözlərin fərqli olmağından asılı olmayaraq ifadə etdikləri əsas baxışların ortaq olduğu görünür. Burada cin atına minmək (Azərbaycan) - cınıñ atlanmak (Türkmən) - cinleri başına toplan-mak (üşüşmek) (Türk), bəxti dönmək, bəxti çönmək (Azərbaycan) - bağtıñ ba:ğlanmak (Türkmən) - bahtı kapanmak (Türk) kimi frazeologizmlərdə onların quruluş məntiqlərinin eyni olduğu görülməkdədir. Məqalədə verilən üç cədvəldə ortaq frazeoloji vahidlər ifadə etdikləri mənalarla birlikdə verilmişdir.