Mahmud Kaşğarlının “Divanü lüğət-it türk” əsəri və Qərbi Azərbaycan şivələri
Xülasə
Türkologiyanın bahadırı Mahmud Kaşğarlının XI əsrdə türk dilləri və ləhcələrinə aid yazdığı monumental əsəri müasir türk dillərinin və dialektlərinin mütləq əksəriyyətini əhatə edir. Tədqiq etdiyimiz Qərbi Azərbaycan şivələrinin də leksik tərkibində işlənən xeyli miqdarda söz və ifadələr vardır ki, bunlar Mahmud Kaşğarlının “Divan”nında qeydə alınmışdır. Bu söz və ifadələr yalnız tədqiqata cəlb etdiyimiz şivələrdə deyil, Azərbaycan dilinin digər dialekt və şivələrində də işlənməkdədir. Həmçinin, həmin leksik vahidlər ya eynilə, ya da cüzi fonosemantik fərqlərlə həm ayrı-ayrı türk ədəbi dillərində, həm də onların dialekt və şivələrində işlənməkdədir. Bu leksik vahidlərə misal olaraq ağa/ aka, yengə, uruğ, aya, bağır, qıl, öfgə/ öykə, al, qut, suç, tuş, ün, küz, öynə/ öylən, yazı və s. sözləri göstərmək olar. Qeyd edək ki, bu leksik vahidlər tarixən Azərbaycan ədəbi dilində də işlənmiş, lakin tədricən arxaikləşərək ədəbi dildə işləkliyini itirmiş, dialekt və şivələrdə isə qalmışdır. Məqalədə bu leksik vahidlərin həm türk dilləri və dialektlərində, həm də türk dillərinə aid bir sıra lüğətlərdə, qədim türk yazılı abidələrində işlənməsinə aid nümunələr verilmişdir.