ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Türk və Azərbaycan dillərində bədən üzvlərini bildirən sözlərə koqnitiv dilçilik yanaşması

Say: Cild 3, № 1 (6), 2025 Səhifələr: 27–33 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/1/27-33

Xülasə

Bu tədqiqat işi Türk və Azərbaycan dillərində bədən üzvlərini bildirən sözlərin konseptual metafora və metonimiya aspektlərini araşdırır. Koqnitiv dilçilik çərçivəsində bu tədqiqatın məqsədi, həmin terminlərin semantik genişlənmə prosesini və onların digər məfhum sahələrinə keçid mexanizmini tədqiq etməkdir. İnsan bədəni dil sistemində əsas konseptual struktur rolunu oynayır və bu struktur idraki mexanizmlər vasitəsilə müxtəlif semantik dəyişikliklərə məruz qalır. Araşdırma “ağız” və “əl” kimi bədən üzvlərini bildirən sözlərin metaforik və metonimik istifadəsini incələyir. Bu sözlərdən biri olan “ağız” yalnız insan orqanı mənasında deyil, həm də danışıq, giriş və yol qovşağı kimi müxtəlif kontekstlərdə istifadə olunur. Eyni şəkildə, “əl” termini nəzarət, sahiblik və səlahiyyət anlayışlarını ifadə etmək üçün metaforik və metonimik konstruksiyalara əsaslanır. Tədqiqat Heine və digərlərinin (1991) metaforik mənbə sahələrinin ierarxik modelindən istifadə etməklə bədən üzvləri ilə bağlı terminlərin konseptual strukturlarını araşdırır. Burada bədən üzvlərinə aid sözlərin konkret mənadan abstrakt anlayışlara doğru genişlənməsi nümayiş etdirilir. Məsələn, bəzi ifadələrdə insanın bədən üzvləri sosial və psixoloji vəziyyətləri təsvir etmək üçün istifadə olunur. Bu proseslərin təhlili göstərir ki, dilin konseptual quruluşu insan təcrübələrinə əsaslanır və həmin təcrübələr dildə müxtəlif yollarla əks olunur. Tədqiqatın nəticələri göstərir ki, bədən üzvləri ilə bağlı terminlər həm konkret, həm də abstrakt mənalarda mühüm funksional rol oynayır. Belə ifadələrin tədqiqi yalnız dilçilik sahəsində deyil, həm də dil tədrisində böyük əhəmiyyət kəsb edir. Xarici dil öyrənənlər üçün bədən üzvlərinə aid metaforik və metonimik ifadələrin mənasını anlamaq, onların ünsiyyət bacarıqlarını inkişaf etdirməyə və ifadə imkanlarını genişləndirməyə kömək edə bilər. Bu araşdırma nəticəsində hazırlanan leksik siyahı və semantik təhlillər, Türk və Azərbaycan dillərini xarici dil kimi öyrənənlər üçün daha səmərəli tədris materiallarının hazırlanmasına töhfə verə bilər. Bundan əlavə, bu yanaşma müxtəlif dillər arasında müqayisəli tədqiqat aparmaq üçün də faydalı ola bilər.