ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 1, № 2 / Ədəbiyyatşünaslıq

Heydər Əliyev və türk mədəniyyəti (türk xalqları ədəbiyyatına dəyər kontekstində)

Say: Cild 1, № 2 (2), 2023 Səhifələr: 94–101 Dil: Azərbaycan UOT: 821(091)

Xülasə

Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri Ümummilli lider Heydər Əliyevin milli ədəbiyyat və milli mədəniyyət siyasətinin başlıca istiqamətlərindən biridir. Ulu öndərin türkçülük fəaliyyəti bir millət olaraq altı min ildən çox tarixi olan, hazırda geniş coğrafiyalarda məskunlaşan təxminən 301 milyonluq türkün bütün istiqamətlərində ümumtürk həmrəyliyinin inkişafı, möhkəmləndirilməsi və irəliyə doğru aparılması yolunda mühüm əhəmiyyət kəsb edir. Ümummilli liderin türk xalqlarının ədəbiyyat, geniş mənada mədəniyyət ortaqlığını və əlaqə bağlılığını özündə əks etdirən proqram xarakterli fikirləri bu fəaliyyətin tərkib hissələrindən biridir.Ulu öndər türk dünyamızın İbn Sina, Nizami, Nəvai, Y.İmrə, Füzuli, Məxtumqulu, Ç.Aytmatov, M.Şəhriyar və s. kimi əbədiyyət simalarını, habelə “Dədə Qorqud”, “Manas”, “Alpamış” və s. möhtəşəm dastanlarını xalqlarımızın ümumi mədəni sərvəti hesab etməklə yanaşı, onları həm də dünya mədəniyyətinin ecazkar simaları və nümunələri səviyyəsində dəyərləndirirdi. Keçən əsrin 90-cu illər tədbirləri sırasında türkmən şairi Məxtimqulunun, qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin, özbək hökmdarı və siyasi lideri Əmir Teymurun, türk dünyasının digər dahi şəxsiyyətləri olan İbn-Sinanın, Nizaminin, C.Ruminin, Nəvainin, Y.İmrənin, Mahmud Kaşğarlının və s. yubiley mərasimlərində Ulu öndərin çıxış və təbrik məktublarında adları sadalanan şəxsiyyətlərə türk milli bütövlüyü, türk milli əxlaqı, türk milli dəyərləri və s. daxilində münasibət bildirilmiş və bu dahilər zəngin ümumtürk mənəvi irsinin nümayəndələri kimi dəyərləndirilmişdir. Ulu öndər hər hansı türk yazıçı və şairindən söhbət açanda onun mənsub olduğu xalqla yanaşı, digər türk xalqları ilə də bağlılığına daha çox önəm vermişdir. Təsadüfi deyil ki, Heydər Əliyev Nizami, Füzuli, Nəsimi, Y.İmrə, Nəvai, A. Kunanbayev, Məxtunqulu və onlarla digər türk sənətkarlarını sırf milli türk (Azərbaycan, Türkiyə,özbək, qazax, türkmən) kontekstindən deyil, ümumtürk kontekstində də təqdim etməyi vacib sayır. Müasir mərhələdə türk dünyamızın ən aparıcı yazarları olan M.Şəhriyar, Ç.Aytmatov, O.Süleymenov kimi ədəbi şəxsiyyətlərin yaradıcılıqlarını dahi Heydər Əliyev milli-fəlsəfi prizmadan dəyərləndirmiş, bu sənətləri milli böyüklüyümüzün təsdiqi baxımından mühüm ədəbi hadisə hesab etmişdir. Heydər Əliyev türk xalqları mədəniyyəti və ədəbiyyatına kompleks yanaşaraq onu türk dünyasını ortaq bir ideya ətrafında birləşdirəcək vasitə kimi dəyərləndirmişdir.