ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Sultan Rayevin “Daşqın” romanında qloballaşan dünyanın insan və zaman kontekstində dəyərləndirilməsi

Say: Cild 3, № 1 (6), 2025 Səhifələr: 68–74 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/1/68-74

Xülasə

Məqalədə Qırğız ədəbiyyatının görkəmli yazıçısı Sultan Rayevin “Daşqın” romanında hadisələrin reallıqla mifizmin qarşılıqlı bağlılığı şəraitində cərəyan etdirilməsi məqamları təhlilə cəlb edilmişdir. Romanda baş verən və baş verəcək bütün proseslər insan və zaman konteksində dəyər qazanır. Kxe romanın mərkəzi obrazıdır. Bütün hadisə və əhvalatlar onun ətrafında cərəyan edir.O, möhkəm əqidəli dindardır. Kxe özünü Yaradanın qulu hesab edir. Onun qəlbində iman işiğı parlayır. Sultan Rayev bir növ Kxenin timsalında cənnəti, cəhənnəmi, sevinci, kədəri, həyatı, ölümü və s. yalnız yaşadığımız torpaqda axtaran insanın özü və insanlığın əbədi mahiyyəti barədə fikirlər formalaşdırır. Bu məqamda onu süni intellektin bəşəriyyəti xilas edə bilərmi sualı ilə üz-üzə saxlayır. Böyük su daşqını zamanı Allahın qəzəbindəki süni intellekt faktorunun mövcudluğu qoyulan sualın ritorikasını müəyyənləşdirir. Məqalədə qeyd olunmuşdur ki, Sultan Rayev romanda dünyanın dərkini birbaşa olaraq insanın özünüdərkindən keçirməyi bacarır. Ona görə də proseslər dünyada baş vermiş (Nuh tufanı və Nəhəng su daşqını) və baş verəcək (dini inanclardakı Qiyamət günü) qiyamət düşüncələri daxilində davam etdirilir, insanlığın mahiyyəti barədə suallara cavab axtarılır. Sultan Rayev süni intellektin doğurduqlarını (qəlbi, ruhu, vicdanı və əxlaqı olmayan süni insan) tərəddüd etmədən insanlığın tənəzzülü kimi dəyərləndirir. Əsərdə süni intellektin doğurduqları ilə təbii insan intellektinin qarşılaşdırılma səhnələri kifayət qədər maraq doğurur. Bu məqamda təhlil bir qədər çətinləşir. Çünki gerçək insan oğlu (Kxe) süni intellektin yaratdıqlarını və yaşantılarını (Prezident, mer, Etik və s.) psixoloji və mənəvi olaraq asan dərk edə bilmir. Ona görə də əsərdəki baxış və dəyərləndirmə harmoniyası bu cür situasiyalarda pozulur. Nəticədə bitən və davam edən hadisələr polifonik baxış müstəvisində suallar doğurur və həqiqi dəyər almağın zəruriliyinə ehtiyacı artırır. Sultan Rayevin “Daşqın” romanı mifik -fantastik sujetlər əsasında yazılmış əsərdir. Romandakı mifizm elementlərindən həyatı daha dərindən dərk etmək üçün istifadə edilmişdir. Məqalədə qeyd olunmuşdur ki, insanlıq keyfiyyətləri yüksək olanlar təkcə Tanrının yox, həm də taleyin sınağından məharətlə çıxa bilirlər. Bu baxımdan Sultan Rayev öz qəhrəmanı (həm də idealı) olan Kxenin yeni dünyanın yeni sakini olmasının səbəbini həyata olan sevgisi ilə bağlayır. Bu həm də Allahın insanlara verdiyi haqdır. Demək dünya nizamı qorxu yox, sevgi üzərində yarana bilir: Allaha, dünyaya və insanlara olan sevgi üzərində. Bunu həm də dünyada nizamlı yaşamaq üçün (həm də dünya nizamı qurmaq üçün) müəllifin insanlara çağırışı kimi də qəbul etmək olar.

Açar sözlər