I Türkoloji Qurultayın keçirilməsi zərurəti və tarixi əhəmiyyəti
Xülasə
Məqalədə XX əsrdə Bakıda keçirilən, türk xalqlarının mədəni həyatında dərin izlər buraxan I Türkoloji qurultaydan, onun keçirilməsi zərurətindən, tarixi əhəmiyyətindən bəhs edilir, Bakıda keçirilməsi səbəbi, miqyası göstərilir. Qurultayda Sovet dövlətinin hər tərəfində yaşayan türk xalqlarının nümayəndələri, eləcə də bir çox xarici ölkələrin türkoloqları iştirak etsə də, “I Ümumittifaq Türkoloji Qurultay” adlanaraq tarixə düşmüşdür və bu faktın özü qurultayın ölkə daxilində yaşayan türk xalqlarının mədəni həyatında keçiriləcək islahatlar ilə bağlı olduğunu və əsas məqsədin türk xalqlarının sovet cəmiyyətinə mədəni inteqrasiyası olduğunu göstərir. Məqalədə həmçinin I Türkoloji qurultayın Bakıda keçirilməsi səbəbi aydınlaşdırılır. 100 il keçməsinə baxmayaraq türk xalqlarının həyatında silinməz izlər buraxan I Türkoloji qurultayın bütün ağrısı və acısı ilə, dəhşətli represiyalar maşınından keçməsinə rəğmən müasir dövrümüzdə də türk dünyası üçün aktual, mədəni, tarixi hadisə kimi qeyd edildiyi göstərilir. I Türkoloji qurultay türkologiya elminin tarixində yeni bir era, yeni bir başlanğıc, böyük dirçəliş, milli oyanış hadisəsi idi. Dünyanın bir çox ölkələrinin tanınmış türkoloqları bu qurultayda türk xalqlarının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, əlifbası ilə bağlı bu gün də aktual hesab olunan məsələlərlə bağlı elmi məruzələr etmişlər. Qurultayda müzakirə olunan türk dillərinin əlifbası, orfoqrafiya və terminologiyası, yeni əlifbaya keçidin müəyyən olunması qurultayın başlıca məqsədlərindən idi. Məqalədə qurultayın müasir dövrümüz üçün də altual olduğu göstərilir; məlum olur ki, tam bir əsr keçməsinə baxmayaraq bütün türk xalqları üçün ortaq türk əlifbasının qəbul olunmasına baxmayaraq, heç də bütün respublikalar latın qrafikalı əlifbaya keçə bilməyib. Həmçinin müasir türk dünyasının aktual məsələlərindən biri olan ortaq türk dili məsələsi də təhlil edilir.