ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Türkologiya elminin banisi Mahmud Kaşğarlının “Divanü lüğət-it türk” əsər

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 49–55 Dil: Azərbaycan UOT: 811.512

Xülasə

Məqalədə müasir dövrümüzdə türk düşüncəsini, mentalitetini, coğrafiyasını, mədəniyyətini, türk ruhunu dünyaya təqdim edən çox qiymətli məxəz olan “Divanü lüğət-it türk” əsərindən bəhs olunur. Türkologiya elminin banisi M.Kaşğarlının “Divanü lüğət-it türk” əsəri yalnız türk dillərinin müqayisəli təhlilini verən linqvistik abidə kimi deyil, həm də müasir dövrümüz üçün siyasi aktuallıq kəsb edən tarixi- etnoqrafik mənbə kimi də çox qiymətlidir. Orta əsr ərəb mədəniyyətinin hakim olduğu dövrdə ərəblərə türk dilini, onun incəliklərini, poeziyasını, mədəniyyətini, etnoqrafiyasını və s. öyrətmək üçün yazılmış ensiklopedik Lüğət indi də türk düşüncəsini, mentalitetini, coğrafiyasını, mədəniyyətini, türk ruhunu dünyaya təqdim edən çox qiymətli abidədir. Bu, M.Kaşğarlının nə qədər dahi, hərtərəfli və uzaqgörən bir alim olduğunu göstərir. Mahmud Kaşğarlı türk, oğuz, qırğız bölgələrini, şəhərlərini, kəndlərini və çöllərini on ildən artıq qarış-qarış gəzmiş, nəhayət onların lüğətini yazmışdır. İlk dəfə türk dillərini müqayisəli tədqiqata cəlb etmiş XI əsr Qaraxanilər dövrü mədəniyyətinin türkoloq alimi M.Kaşğqrlı “Divanü lüğət-it türk” əsəri ilə dünyada türkoloji dilçiliyin, eləcə də türkologiya elminin əsasını qoymuşdur və buna görə M.Kaşğarlı türkologiya elminin banisi hesab edilir. Ərəblərə türk dilini öyrətmək məqsədilə yazılmış M.Kaşğqrlının “Divan”ı yalnız türk dillərinin tədqiqini əhatə etmir, həm də tarix, ədəbiyyat, mədəniyyət, mentalitet, türk xalqlarının adət-ənənələri, coğrafiyası, kartoqrafiyası, astronomiyası, etnonimləri, toponimiyası və s. kimi elmi məlumatları əhatə edir. XI əsrdə türk mədəniyyətinin keçid mərhələsinin möhtəşəm abidəsi kimi “Divan” türk tayfa və qəbilələrinin dilinin səciyyəvi xüsusiyyətlərini, həyat tərzini, həyata baxış fəlsəfəsini, etnoqrafiyasını, əxlaqını, mifologiyasını özündə əks etdirən ensiklopedik lüğət səciyyəli səkkiz kitabdan ibarətdir. Ərəb dilində yazılmış “Divan” türk tayfalarının dili, tarixi, ədəbiyyatı, mədəniyyəti, poeziyası, folkloru, məişəti, məskunlaşması, dini görüşləri, coğrafiya, astronomiya, dialektologiyaya və s. aid məlumatları əks etdirdiyi üçün ensiklopedik lüğət kimi dəyərləndirilir. “Divan”ın ən səciyyəvi cəhəti odur ki, M.Kaşğarlının bu əsəri bütün dolğunluğu ilə özündə lap qədimdən Kaşğarlı dövrünə qədərki türklərin tarixini, həyat tərzini, həyata baxış fəlsəfəsini, ruhunu əks etdirən poetik nümunələrlə bəzədilmiş möhtəşəm abidə, tarixi mənbədir.