Türk fəlsəfi dünyagörüşünün Azərbaycan qədim yazı mədəniyyətində əksi
Xülasə
Ayrı-ayrı dövrlərdə olan yazı növlərini və bunların inkişafıni tədqiq etməyin bəşər sivilizasiyasının, cəmiyyətinin inkişaf tarixini öyrənmək üçün böyük əhəmiyyəti var. Yaranma tarixi, forma və səbəblərindən asılı olmayaraq qədim yazılar müasir dövrdə istifadə etdiyimiz müxtəlif yazı sistemlərinin əcdadı sayıla bilər. Azərbaycan ərazisində qədim tarixə malik əlifbanın mövcudluğu elmdə təsdiq olunmuş faktdır. Türklərin ilkin beşiyi Ön Asiya – Azərbaycanda qədim yazı nümunələrinə hər yerdə rast gəlmək olur. Azərbaycanda yüksək inkişaf səviyyəsinə çatmış yazı – həkketmə mədəniyyətinin fərqli üsullarına, oyma (qazıma) və qabartma üsullarına rast gəlinir. Bu yazı – həkketmə mədəniyyətinin Azərbaycanda çox qədimdən yüksək inkişafının göstəricisidir. Qobustan və Gəmiqayada qədim əlifba işarələrinin aşkar edilməsi onu piktoqrafik yazı sırasından çıxarmağa əsas verir. Məqalədə Gəmiqaya-Qobustan əlifbası ilə Orxon-Yenisey əlifbalarının müqayisəsi də maraqlıdır. Orxon-Yenisey yazısı türk həyat tərzinin, cəngavərlik rəmzinin simvolunu (çadır, yay, ox, süngü, qılınc) təsvir edən işarələr, Gəmiqaya-Qobustan yazıları isə fəlsəfi düşüncə, inam, etiqadı simvollaşdıran işarələr əsasında yaranıb. Bu sirlərlə dolu möcüzə bizim dilimizin səslərinin ahəngində, musiqidə, memarlıqda, xalçaçılıqda, rəqslərdə əks olunub. Yalnız türk düşüncəsinin genetik daşıyıcıları olan xalq bu gizli kodları – piktoqrafları, yazı işarələrini, səslərin harmoniyasını, ecazkar musiqini – muğamlarımızı, xalçalarımızdakı naxışların sirlərini, rəqslərimizdəki mənanı duya bilər. Müasir dövrümüzdə xalçalarımız, rəqslərimiz gen yaddaşımızın, etnik düşüncə və soykökümüzün sirli möcüzələri olan naxışları və yazı işarələrini özündə yaşadan və təbliğ edən ecazkar qüvvədir.