Azərbaycan dili və dialektlərində leksik-semantik inteqrasiya və diferensiasiya məsələləri
Xülasə
Öz təbiətinə görə sosial səciyyə daşıyan inteqrasiya və diferensiasiya dillərin tarixi inkişafının əsas prosesi, bir-birinə qarşılıqlı təsir edən iki əsas forma kimi dillərin ayrılması və yaxınlaşması nəticəsində baş verir və dilin inkişafına təsir edən proseslərdir. Müasir dövrümüzdə bu proseslərdən hansının daha üstün rol oynacağını müəyyən etmək olduqca maraqlıdır. Bu proseslərin ümumiyyətlə dildə nə dərəcədə rol oynacağını da proqnozlaşdırmaq çətindir. Prosesi ümumən türk dilləri, eləcə də Azərbaycan və türk dilində baş verən leksik-semantik hadisələr kontekstində izləmək maraqlı faktlar əldə etməyə imkan verir. Türk dillərində diferensiasiya və inteqrasiya yalnız onların leksikasında deyil, eyni zamanda semantikasında da müşahidə olunur, buna görə məsələ müəyyən bir sözün hər hansı konkret bir dildə və ya dil arealında mövcud olub-olmaması ilə deyil, eyni zamanda sözün semantikasında olan eynilik əsasında da tədqiqata cəlb olunmalıdır. Çünki bir dil ailəsi, ya da bütün türk dilləri üçün formaca eyni olan leksik vahid semantik cəhətdən türk dillərində və ya dialektlərində fərqli mənalara malik ola bilər. Məsələn, fərqli fonetik variantlarda demək olar ki, bütün türk dillərində müşahidə olunan leksik vahidlər mövcuddur. Bu sözlərə əsasən türk dilləri vahiddir. Lakin bu yalnız formal leksik cəhətdir. Semantik cəhətdən isə bu sözlər türk dillərini müəyyən dil ailələrinə bölür.