Poetik müraciətlərin linqvistik təhlili
Xülasə
Təqdim olunan araşdırma şeir dilində poetik müraciətlərin linqvistik xüsusiyyətlərinin sistemli şəkildə təhlilinə həsr edilmişdir. Poetika və dilçilik qovşağında yer alan müraciət kateqoriyası şeir mətnində yalnız kommunikativ funksiya daşımır, eyni zamanda, estetik, emosional-ekspressiv və semantik yüklə çıxış edir. Tədqiqatın əsas məqsədi poetik müraciətlərin struktur-semantik xüsusiyyətlərini, funksional imkanlarını və şeir mətnində yaratdığı konseptual- estetik təsiri müəyyənləşdirməkdir. Bu baxımdan, müraciətlərin poetik dildə necə dəyişməyə uğraması, adi nitq müraciətlərindən hansı cəhətlərinə görə fərqlənməsi araşdırmanın əsas problemini təşkil edir. Araşdırmada müəyyən edilmişdir ki, şeir dilində müraciətlər daha çox təbiət obyektləri, mücərrəd anlayışlar və simvolik obrazlar vasitəsilə ifadə olunur. Bu müraciətlər birbaşa (açıq ünvanlanan) və dolayı (kontekstual və ya gizli ünvanlanan) formalarda meydana çıxır. Xüsusilə dolayı müraciətlər poetik mətndə çoxqatlı semantika yaradır, oxucunun qavrayıb izahetmə fəaliyyətini aktivləşdirir və poetik məkanın genişlənməsinə səbəb olur. Tədqiqat zamanı müəyyən edilmişdir ki, poetik müraciətlər şeir mətnində subyektivlik və lirizm yaradan əsas vasitələrdən biridir. Müraciət vasitəsilə şair lirik “mən” ilə ünvanlanan obyekt arasında emosional əlaqə qurur, dialoji münasibət yaradır və poetik nitqi canlandırır. Bu münasibət bəzən real ünvana, bəzən isə zaman, taley, vətən, təbiət, ölüm, sevgi kimi mücərrəd anlayışlara yönəlir. Belə müraciətlər poetik dildə obrazlılığı artırır. Araşdırmada həmçinin poetik müraciətlərin funksional yükü təhlil edilmişdir. Müraciətlər şeir mətnində çağırış, yalvarış, etiraf, etiraz, təəssüf, ümid və ironiya kimi emosional vəziyyətlərin ifadəsində mühüm rol oynayır. Onlar intonasiya və ritm quruluşuna təsir etməklə şeirin melodikliyini və ekspressivliyini gücləndirir. Müraciətlərin təkrarı, paralel konstruksiyalarla işlənməsi və bəzən qrammatik qaydalardan kənara çıxması poetik dilin fərdiliyini və müəllif üslubunu müəyyən edən əsas göstəricilərdəndir. Nəticə etibarilə, araşdırma göstərir ki, poetik müraciətlər şeir dilində yalnız qrammatik vahid deyil, çoxfunksiyalı poetik vasitə kimi çıxış edir. Onlar şeir mətninin semantik dərinliyini artırır, emosional təsir gücünü yüksəldir və poetik düşüncənin konseptual strukturunun formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, poetik müraciətlərin linqvistik təhlili şeir dilinin estetik və funksional imkanlarının daha dərindən anlaşılmasına şərait yaradır və bu, poetik dilin öyrənilməsində aktual elmi istiqamət kimi qiymətləndirilə bilər.