Milli istiqlal tariximizin salnaməçisi
Xülasə
Milli estetik düşüncə, bir qayda olaraq, ictimai düşüncəni qabaqlamışdır. Azərbaycan xalqının ictimai şüurunun milli azadlıq ideyasına köklənməsində ədəbiyyatımızın tarixi inkişaf yolunun mühüm rolu olmuşdur. Bu funksiyanı üzərinə götürüb onu ardıcıl surətdə həyata keçirən sənətkarlardan biri də B.Vahabzadədir. Məqalədə onun milli şüurun inkişafına, milli istiqlal düşüncəsinin formalaşmasına təkan verən əsərləri tarixilik prinsipilə araşdırılır. Sovet siyasi rejimi şəraitində bu ideyaları bədii əsərdə əks etdirməyin çətinliyindən söhbət açılır. Göstərilir ki, şairin estetik düşüncəsi köləlik psixologiyasına qarşı çevrilir. Şair köləliyi doğuran qorxu amilinə qarşı ruh azadlığını önə çəkir. Dönməzlik, əqidə, amal uğrunda ardıcıl mübarizə aparmaq fikri təlqin edir. İstiqlal düşüncəsi təbliğ edən əsərlərində birbaşa təsvir üsulundan imtina edir. Əsərlərinin mövzu-problematikasını başqa ölkələrin həyatından alır. Belə bir fikir formalaşdırmağa çalışır ki, o daha milli mövzulardan yox, daha çox beynəlxalq həyat problemlərindən bəhs etməyə üstünlük verir. Sənətkar beynəlxalq həyatdan o mövzuları seçib bədii təsvir predmetinə çevirir ki, assosiativ planda həmin əsərlər oxucu düşüncəsində milli həyat problemləri haqqında əhatəli təsəvvür yaradır. Milli şüuru oyatmağa və formalaşdırmağa istiqamətlənir. Bu məqsədlə sənətkarın “Yollar-oğullar”, “Mərziyə”, “Amerika gözəli”, “Bağışlayın, səhv olub”, “Ləyaqət” poemaları məqalədə geniş təhlil olunur. Poemaların alt qatlarında ifadə olunan ideya “yük”lərinin estetik funksiyası açılır. Şairin fərdi üslubunda metaforik-simvolik ifadə tərzinin daha artıq yer alması səbəbləri şərh edilir. Əsərlərin metaforik-simvolik məzmunu, estetik xüsusiyyətləri şərh edilir. “Gülüstan” lirik poemadır. Məqalədə adı çəkilən digər poemaların hamısından epik- lirik üslubda yazılmış əsərlər kimi bəhs olunur. Təsvir predmetinə çevrilən hadisələrin hər birinə sənətkar münasibəti Bəxtiyarın yaradıcılığının üslubi dominantı kimi ümumiləşdirilə bilər. Müəllif baş verən hadisələri şərh edərkən, lirik haşiyələrə çıxarkən “söz”ünü açıq demək yolu tutur. Şairin düşüncələrindən keçənlər haqqın qalib gələcəyinə, müstəmləkə rejiminin get-gedə aradan çıxacağına, azadlıq uğrunda Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 66-87 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7 / 66-87 e-ISSN: 3005-4982 67 mübarizələrin mütləq müsbət nəticələr verəcəyinə inam aşılayır. Məqalədə şairin “poetik təfəkkür mədəniyyətinin milliliyi”ni (Çingiz Aytmatov) aşkarlayan bu cəhətlərin estetik ifadəsinin aparıcı cəhətləri ümumiləşdirilir.